"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Qələbənin dərsini verən adam


İmişlinin Qaralar kəndində bir müəllim var. Onun adı çəkiləndə həm məktəbin divarları, həm də onu tanıyan insanların qəlbi bir az dikəlir. Çünki o ad – Elmidar Əsgərov – təkcə müəllim adı deyil. Bu adın içində müharibənin barıt qoxusu, dost itkisi, şəhid xatirəsi, düşmənlə üzbəüz dayanmış bir əsgərin cəsarəti, həm də uşaqlara səbrlə Vətənin nə demək olduğunu öyrədən bir müəllimin mərhəməti var.
Elmidar müəllim illər əvvəl Əfqanıstan səngərlərində döyüşüb, Birinci Qarabağ müharibəsində qrup yoldaşının şəhidlik zirvəsinə ucalmasına şahidlik edib, nizamsız ordunun ağrılarını yaşayıb. Amma bütün yanğının içində bir sevgi böyüdüb ürəyində -  Vətən sevgisi. Və bu sevgi onu bu gün Qaralar kəndindəki məktəbin sinif otağında gənclərin qarşısında dayanmağa gətirib çıxardı.
Onun dediyi hər söz bir ömür xatirəsi, müharibədən süzülmüş nəsihət, şəhid ruhuna ehtiram kimidir. Hər dərsində bir tarix yaşayır, hər cümləsində bir müharibə yatır, hər baxışında isə “bu torpaq azadlıq üçün nələr verib“ sualının cavabı gizlənir. 

Bakıya gəlişini eşidən ki, fürsəti fövtə vermədik. İstəyirik ki, oxucumuz qələbənin dərsini verən adamı – Elmidar müəllimi daha da yaxından tanısın.

Elmidar müəllim, uşaqlıq illərinizi və vətənə bağlılığınızın haradan qaynaqlandığını necə xatırlayırsınız?
- Deməli, Vətənə bağlılıq vətənpərvərlik məsələsidir. Vətənpərvərlik məsələsi deyəndə bizə ilk baxışdan vətənpərvərlik məktəbdə ,ali məktəbdə sonrakı həyatda öyrədilir. Amma əslində bu elədir ki, bunu mənə laylasında anam, ninnisində nənəm öyrədib,əlimdən tutub yeridəndə atam dedi, babam dedi, “sən türk oğlu türksən,türk ayaq basdığı yer yurd olur,türk oğlu qurd olur”. Və bütün bunların hamısı, yəni vətənpərvərlik, vətəni sevmək ailədə aşılanır. 
Ailədən sonra məktəbdə vətənpərvərlik daha geniş mövzuda başa salınır, izah olunur və insanda vətən sevgisinin artmasında məktəb əvəzsiz rol oynayır. Amma bu təməl ailədə qoyulmasa, məktəbdə çox çətin olur. Elə bil torpağın üstündən ev tikməyə başlayırsan, o evin sütünü yox, təməli yox, o ev nə vaxtsa uçacaq. Ona görə bizim Vətənə sevgimiz,ilk yaşlardan ailədə bizə aşılanır ,öyrədilir,sonrada məktəbdə davam edir.
Məktəb illərində hərbi sahəyə marağınızı artıran nə idi – ailə təsiri, müəllimlər, yoxsa o dövrün ab-havası?
- Mənim hərbiyə olan həvəsim, marağım nəsildən gələn bir instinkdir. Ümumiyyətlə biz daha çox müharibənin tərifini sadə dildə belə izah edirik: iki münaqişə edən tərəfin silahlı toqquşmasına müharibə deyilir, çox sadə, çox bəsit bir tərif verilir, ancaq müharibənin o qədər təsirləri, fəsadları qalır ki, bunları illər əsrlər, silib qutara bilmir. Yaxuddaki bunların acı xatirələri heç vaxt silinmir, nəsildən nəslə ötürülür. Buna aid bir misal çəkəcəm: biz ailədə o zaman 10 uşaq olmuşuq, 5 bacı və 5 qardaş idik. O vaxt atamız bizə hər gün iş bölgüsü aparırdı. 5 qardaşın hərəsinə bir iş tapşırırdı, babamgilin odunlarını doğramaqdan tutmuş imkansız ailələrə kğmək etməyə qədər. Biz o vaxtı babamdan Nuru Paşa haqqında söhbətlərə qulaq asa-asa böyümüşük. Balaca olduğuğumuzdan  Nuru Paşanın böyüklüyünə elə də dərk etmirdik. Elə ki, böyüdük, özümü tanıdıq, onda bildik ki, babamız nə qədər dahi bir insan, şəxsiyyət haqqında bizə danışırmış. Və Nuru Paşa haqqında öyrəndikdən sonra özümə söz verdim ki, mən də Nuru Paşa kimi xalqıma xidmət edəcəm. 
Yaxşı xatirimdədir, məktəbimizdə hərbi sinif var idi, o sinif həmişə bizə maraqlı gəlirdi. Həmişə oradakı silahları söküb-yığmağın həsrətini çəkərdik. 
Sinif yoldaşım vardı:  Aydın Kərimov. Biz uşaqlıqda onunla taxta silah düzəldib həmişə “müharibə oyunları” oynayardıq. Tale elə gətirdi ki, onunla Əfqanısan müharibəsində döyüşdük, sonra yolumuz Birinci Qarabağ müharibəsinə qədər uzandı. 
O vaxt biz tarixdən Mehdi Hüseynzadə, Həzi Aslanov kimi qəhrəmanlarımız haqqında oxuyaraq onlardan ilham alırdıq.
Onu da qeyd edim ki, bizim üçün o vaxtı hərbiyə maraq bir pəncərə idisə, indiki gənclər üçün böyük bir qapı elə açdılar ki, bunun da bir adı var, Qalib Azərbaycan. 
Bayaq müsahibədən öncə qeyd etdiniz ki, 1987-1989-cu illərdə Türkmənistan-Əfqanıstan sərhədində xidmət etmisiniz. O illər sizə nə öyrətdi?
- O vaxtı mən 1 il müddətində Sovet ordusu sıralarında Əfqanıstanın Qəndəhar şəhərində hərbi xidmətdə oldum,  İstər bizim Türkmənistanda hərbi təlim, istərsə də Əfqanıstanda keçdiyimiz döyüş yolu həyatımıza elə bir şəkildə sirayət edib ki, bizə dözümlülük, iradə ,cəsarət özünəinam – hamısı həmin müharibədə aşılanıb. Açığı,  biz Birinci Qarabağ mühaharibəsinə artıq “bişmiş” halda getmişdik. 
Sizə bir şeyi deyim də, müharibələr nə vaxtsa bitir, amma orada sənin yanında şəhid -qazi olan silahdaşların ömürlük yaddaşına həkk olunur. Qazilər, müharibə iştirakçıları var ki, onlar canlı tarixlərdir. Onlar tarixi ürəklərində gəzdirirlər. 
Saatlı rayonundan Rasim Səfərov var idi, rus dilində yaxşı bilirdi, biz çətinlik çəkəndə  ondan kömək almışıq. O Əfqanısta gedəndən bir neçə gün sonra minaya düşərək şəhidlik zirvəsinə ucaldı. Hazırda Saatlı rayonunda onun adını daşıyan məktəb var.
Elə bizim İmişli rayonunun özündə 4-5 şəhid var ki, Əfqanıstanda bu zirvəyə ucalıblar.  , Elxan Şirinov, onun qardaşı Namiq Şirinov,  Şahin Məmmədov İmişli torpağının yetirmələridir. 
Bir dəfə Ulu Öndər  Heydər Əliyev bizimlə görüşürdü, yəni Əfqanıstanda xidmət edən – döyüş yolu keçənlərlə. Onda gözəl bir ifadə işlətdi: "Mənim ən etimad və etibar etdiyim İkinci Dünya müharibəsinin varisləri sizlərsiniz”.
Yəqin ki, bilirsiniz. Birinci Qarabağ müharibəsində xeyli sayda döyüşçü var idi ki, onlar artıq Əfqanıstan müharibəsinin od-alovunu görənlər idi.
Müharibə elə bir məvhumdur ki, müddəti uzandıqca adiləşir, ölümlər ucuzlaşır, adiləşir.

Siz həm də Birinci Qarabağ müharibəsinə könüllü yollananlardansınız. Ağır da olsa, o illəri geri dönə bilərikmi?
- Müharibə dövründə mən Azərbaycan Dövlət Pedaqoji Universitetində hərbi və fiziki tərbiyə fakültəsində təhsil alırdım.   1992-ci ildə biz 500-ə yaxın tələbə, yəni zabit müraciət etdik ki, Qarabağ döyüşlərinə qatılmaq istəyirik. Müraciətimiz nəzərə alındı və bizi Qəbələdə 3 aylıq hərbi toplanışa göndərdilər. Həmin vaxt bizə Türkiyədən gəlmiş bir general təlim keçirdi. Təəssüf də olsa qeyd etməliyəm ki, bizə təlim keçən həmin general artıq 1 aydan sonra 350 nəfəri geri qaytardı ki, sizdən əsgər olmaz. Amma yerdə qalan 150 nəfərlə təlimimiz davam etdi. Həm Əfqanıstan təcrübəm, həm də ali məktəbdəki 3 illik təcrübəm bu təlimlərdə mənə çox kömək oldu. 
Ağır da olsa deməliyəm ki, 1992-ci ilin mayın 8-də xəbər gəldi ki, artıq ermənilər Şuşanı işğal edib. Biz təlimi yarımçıq qoyub, artıq döyüş bölgəsinə yollandıq. Tərtərdə Surət Hüseynovun dəstəsi qarşımızı kəsdi. Gəliş məqsədimizi biləndə qəti surətdə bildirdi ki, “ Sizi artıq irəli buraxa bilmərəm. Açıq şəkildə dedi ki, əgər biz Şuşanı ala bilməmişiksə, siz də bunu bacara bilməyəcəksiz”. Artıq gördük ki, bunun dəstəsi irəli getməyə imkan vermir, yolumuzu dəyişib Beyləqana getdik, fikrimiz oradan Laçına, oradan isə Şuşaya getmək idi. Təəssüf ki, o zamankı nizamsız ordu və başıpozuqların ordunun başında olması içimzidəki qisas hissini yarımçıq saxladı. 
Mənim Ehtiram adında tələbə yoldaşım var idi, şəhid oldu. Kamran adlı tələbə yoldaşım 8 güllə yarası aldı. Biz o vaxtı 1947-1950-ci ilin silahları ilə erməninin üstünə getmişdik. Həmin silahların atıcılıq qabiliiyəti sıfıra bərabər idi. O illərdən danışmaq çox ağırdı. 
Birinci Qarabağ savaşında məğlub olmağımızın əsas səbəblərindən idarəçiliyin zəif, pərakəndəçilik və silah-sursatın olmaması idi.
Elmidar müəllim, mütəxəssis kimi 44 günlük Zəfər savaşının analizini də sizin dilinizdən eşitmək maraqlı olardı. 
- Mən ona ildırımsürətli müharibə deyərdim. Bu müharibə xalq-ordu birliyi öz sözünü dedi. Xalqın bir yumruq kimi birləşməsi düşmənin başını əzdi. Cənab prezidentin televiziyada o vaxt çıxışı oldu, səhəri gün mən 3 saat növbədə durdum ki, adımı siyahıya saldıra bilim ki. Hətta bu cəhdim 3 dəfə olsa da, adımı döyüşçülər siyahısına saldıra bilmədim. 
Xaricdə yaşayan azərbaycanlılarımız var idi ki, mümkün qədər Vətənə qayıdıb bu müharibədə iştirak etmək istəyirdilər. Bildiyim odur ki, bu xalq bir qəhrəmandır. Və qəhrəmanlığı bir dəfə 44 günə, bir dəfə 23 saat 44 dəqiqəyə sığdırmaqla suveren və müstəqil Azərbaycanı bütün dünyaya tanıtdılar. 
44 günlük Zəfər savaşından 5 il keçir, yəqin ki, həmin dövrü yaxşı xatırlayırsız. Bayraq tapmaq olmurdu. Analarımız, bacılarımız evdə bayraqlar tikib-hazırlayırdı. 
“Kəfən pulu”nu verən nənələrdən tutmuş cırıq ayaqqabısı ilə aldığı pulu ordumuzun hesabına ödəyən Hikmət babaları gördük bu savaşda. Bizdəki fərqlik milli dəyərdən irəli gələn, qaynaqlanan bir şey idi həm də. 
Bu gün Bakıda fəaliyyət göstərən "Hərbi Qənimətlər" parkı var. İldə bir neçə dəfə o parka gedirəm. İnanın ki, o parkı gəzmək insana nə qədər qürur bəxş edir.  
Siz həm də İmişli rayon Arif Allaverdiyev adına Qaralar tam orta məktəbində “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edirsiniz. 
- Bəli, Mənim dərs dediyim İmişli rayon Arif Allahverdiyev adına  Qaralar tam orta məktəbində 11 sinif var ki, o siniflərə şəhidlərimizin adı verilib. Bu artıq tək bizim məktəbdə yox, bütün Azərbaycanda belədir. Çox gözəl təşəbbüsdür. Çünki o sinifdə dərs keçən şəgird necə olur-olsun, həmin qəhrəmanı tanıyacaq. Onun haqqında maariflənəcək, onu yaddaşında yaşadacaq. Biz şagirdlərimizi bunu aşılamalıyıq. Əgər bu gün suveren, müstəqil Azərbaycanda yaşayırıq ki, həmin şagird bilməlidir ki, bu kimlərin sayəsində belədir. 
Bu gün Pəncəli Teymurov, Natiq Qasımov kimi qəhrəmanları şəhidlərimizə tanıdırıqsa, Hikmət Mirzəyev kimi canlı əfsanəni də tanıtmaq borcumuzdur. Əlbəttə, hər bir şəhid bizim üçün qəhrəmandır və onların qarşısında baş əyirik. 
Axırıncı sualımdı. Biz sizi həm də ictimai fəal kimi tanıyırıq. Bu barədə də mümkünsə danışaq. 
Əfqanıstan Veteranları İctimai Birliyinin üzvüyəm.  Vaxtilə Sabunçu və Suraxanı rayonunda Əfqanıstan Veteranları ictimai birliyinin sədri olmuşam. Həmçinin İmişli rayonunda da bu qurumun sədri kimi də çalışmışam. 
Mən həm də Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Yeni Azərbaycan Partiyasının 1994-ci ildən üzvüyəm. Hətta 1999-cu ildə Yeni Azərbaycan patiyasının ilk qurultayının iştirakçısı olmuşam. Bu, mənim üçün böyük bir fəxirdir, böyük bir qururdur. Xüsusilə qeyd etmək istəyirəm ki, həmin qurultayın fasiləsində Heydər Əliyev kimi bir dahi ilə ünsiyyətdə olmaq imkanımız yaranıb.
Bu gün müstəqil Azərbaycan varsa, bu, ilk növbədə Ümummilli Lider Heydər Əliyevin dahiliyinin nəticəsidir. O olmasaydı, Azərbaycan adlı bir dövlət ola bilməzdi. Heydər Əliyev ən çətin dövrdə Azərbaycanı dağılmaqdan xilas etdi, ordunun, dövlətçiliyin, sabitliyin təməlini qoydu. 
Bu gün isə həmin siyasətin davamını cənab Prezident İlham Əliyevin qətiyyətində görürük. Torpaqlarımız azad olunub, dövlətimiz güclüdür, ordumuz qüdrətlidir. Bu, Heydər Əliyev məktəbinin bəhrəsidir.
Gənclər bilməlidir ki, bu torpaq təsadüfən azad deyil. Bu azadlığın arxasında minlərlə şəhidin qanı, minlərlə qazinin ağrısı, yüz minlərlə ailənin göz yaşı var.
Gənclərə demək istəyirəm: Vətəni sevin, tarixinizi bilin, dövlətinizə sahib çıxın. Azərbaycan gənclərinin gücü ilə daha da yüksələcək.

Söhbətləşdi: Samirə Nurullayeva

 

 

 

 

5 Dekabr 2025, 12:35 - 286

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar