"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Ramana haqqında bilmədiklərimiz - Qulamhüseyn Qurbanovun araşdırması (İkinci yazı)


III
Ramana – Romana. Azərbaycanın görkəmli tarixçisi Sara Aşurbəyli və əslən ramanalı olan yazıçı Seyran Vəliyev Ramana adını romalıların məskəni kimi təqdim edirlər. Hətta XIII əsrdə Bar Ebreyin Kiçik Asiyada Ramana adlı yerin olduğunu qeyd etməsi, görünür həm də Roma istilası ilə bağlıdır. Bildiyimiz kimi, eramızın əvvəlləri 84-96-cı illərdə Roma imperiyasının Fulminata (ildırım sürətli) XII legionu Qobustan ərazisində olmuşdur. Bu gün də Qobustan qoruğunda yerləşən Böyükdaş dağının ətəyində, qaya üzərində latın əlifbası ilə yazılmış romalılara aid yazı qalmaqdadır. Sara Aşurbəylinin fərziyyəsinə görə, XII legionun bir qisim əsgərləri Ramanaya gəlmiş və orada düşərgə salmışlar. Ramana kəndi Abşeron yarımadasının mərkəzi və hündür qayalıq olduğu üçün strateji baxımdan əhəmiyyətli idi, məhz bu səbəbdən də ildırım sürətli XII legionun əsgərləri burada yerləşmişdir. Romalılar hansı ərazilərdə olurdularsa orada öz izlərini qoyurdular, Qobustanda olduğu kimi -“IMP DOMITIANO CAESARE AVG GERMANICO LVCIVS IVLIVS MAXIMVS LEGIONIS XII FVL”.
Mətnin tərcüməsi: “MÜQƏDDƏS QEYSƏR İMP DOMİTİANO GERMANİKO LUSİUS YULİUS MAKSİMUS XII FUL (fulminata – ildırım sürətli) LEGİON”.
Hal-hazırda Ramana kəndinin şimalında qaya üzərində romalıların işlətdiyi latın əlifbasından 6 hərfli söz mövcuddur. Bu söz tərcümə olunsa və həqiqətən də romalıların yazısı olsa, Sara Aşurbəylinin fərziyyəsi möhkəmlənəcək. 
IV
(Qulamhüseyn Qurbanov Xəlfəli)
Ramana – Ramana. Qədim inanclarda Tanrı deməkdir, çəmənlik (otlaq, böyüyən çəmənlik, əkin yerinə işarə olunur) tanrısı mənasındadır. “Ramana” sözü heç bir zaman dəyişilməyib və qədim inanclara görə Ramana kəndinin adı relyefinə uyğun olaraq verilib. Bildiyimiz kimi, Ramana Abşeron yarımadasının mərkəzində hündür qayalıq üzərində yerləşir. Kəndin şimalından başlayaraq indiki Zabrat, Maştağa, Buzovna, Şağan, Mərdəkan, Qala, Suraxanı və Ramana kəndlərini birləşdirən bir ərazi var. Bu ərazi Bakıda yeganə geniş düz ərazi olduğu üçün, hal-hazırda mərkəzində hava limanı yerləşir. Bu kəndləri birləşdirən ərazinin adı isə “Təmənis”dir. “Təmənis” sözünün mənası “müqqəddəs yer”, əkin yeri deməkdir, Ramana isə Təmənisin baş tərəfində yerləşən hündür qayalıqdır. Bu qayalığa isə “Ramana çəmənlik tanrısı” deyilib. Bu uzunsov, hündür qayalığın “çəmənlik tanrısı” adlandırılması yalnız əzəmətli qayalıq olduğu üçün deyildi. Bu qayalıqlarda Qobustanda olduğu kimi tunc dövrünə aid qayaüstü təsvirlər mövcuddur. Erkən tunc dövrü e.ə. III minillik, yəni 5 min il bundan əvvələ təsadüf edir. Təsvirlərdə keçi, öküz, böyük buynuzlu maral və keçi qarşısında ilan müşahidə olunur. Böyük buynuzlu maral günəş rəmzi, müqqəddəs bir simvol sayılır. Keçi qarşısında ilan dini etiqadları özündə əks etdirir. Bundan savayı, qayalar üzərində müxtəlif fikirləri ifadə edən işarələr ovulmuşdur. Qayalığın bəzi yerlərində isə türk tayfalarına aid damğalar vardır, hətta 1924-cü ildə ərazidən qədim insan qalıqları da aşkar olunmuşdur. İnsan qalıqlarının uzunluğu təqribən 3.80 m ölçüdə müşahidə olunurdu. 
Başqa qayalıq ərazilərdən fərqli olaraq, bu qayalıqda kifayət qədər su ehtiyatı olub. Ərazidən çıxan su içməli su olduğu üçün istifadəyə yararlı idi. Hündür, uzunsov qayalığın dörd bir yanından (təmənis) istiqamətinə bir neçə bulaq axırdı. Hətta təmənisə axan bulaqlardan biri XIX əsrin sonlarına kimi axıb. El arasında ona Fərman bulağı deyilib. Kəndin içərisində neft quyuları qazıldıqdan sonra bulaqlar öz səmtini dəyişib neft quyularına və qayalar arasına axmağa başlayıb. Buna bariz nümunə olaraq, Ramana kəndinin mərkəzində Vəli Vəliyev küçəsindəki Novruzqulu hamamının qarşısında yerləşən iaşə obyektinin altından, Baba Babazadə küçəsindəki iki mərtəbəli evin tinindən və Mirəsədulla Qafarov küçəsindəki yaşayış evinin altından kiçik həcmli bulaqların çıxmasını və 2020-ci ildə Cəfər Cabbarlı küçəsində yerin altında qaya arasında böyük həcmdə sürətlə su axıntısının müşahidə olunduğunu göstərmək olar. Bildiyimiz kimi, su həyat mənbəyidir, su olan yerdə bitkilər, heyvanlar və insanlar yaşayar. Ramana qayalıqlarının şərq hissədə bitdiyi yerdən Təmənis başlayır. Təmənisin ərazisi münbit olduğundan, bu sahə əkin üçün əlverişli olub. Bu səbəbdən də həmin yeri Təmənis – “müqəddəs yer” adlandırıblar. Qədim insanlar Ramana qayalıqlarında məskunlaşıb, Təmənisdə isə əkinçiliklə məşğul olublar. Bu qayalıqlar su mənbəyi olduğu üçün, əhali bu yeri Ramana – “çəmənlik tanrısı” adlanddırmışlar. Bu adın tarixi isə e.ə. I minilliyə, yəni 3000 il bundan öncəyə təsadüf edir. Bəlli olur ki, Ramana kəndinin qədimliyi beş min ilə qədər uzanır.

Qulamhüsüeyn Qurbanov, araşdırmaçı

Paylaş: