Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Azərbaycanın müstəqilliyinin ilk illəri, şübhəsiz ki, həm siyasi, həm də sosial-iqtisadi baxımdan çox çətin, faciəvi bir dövr olmuşdur. Bu dövrdə ölkənin qarşılaşdığı çətinliklər heç də az deyildi: maliyyə böhranı, torpaqların işğalı, qaçqın və məcburi köçkünlərin sayı, humanitar faciələr – bütün bunlar Azərbaycanda hər sahədə böhran yaratmışdı. Lakin bütün bu çətinliklərə baxmayaraq, Ulu Öndər Heydər Əliyev bu zəngin ölkənin gələcəyinə olan inamını heç vaxt itirmədi və Azərbaycanı yavaş-yavaş yenidən ayağa qaldırmağa başladı. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı, Azərbaycanın gələcəyi üçün dönüş nöqtəsi oldu. Onun hakimiyyətə gəlməsi ilə bağlı ilk addımlardan biri isə 1993-cü ildə Milli Elmlər Akademiyasına etdiyi səfər oldu. Bu, yalnız bir görüş deyil, həm də bir təyinat, bir mesaj idi: elmin və təhsilin önəmi heç zaman unudulmayacaq, hər çətinliyə baxmayaraq bu sahələrə diqqət yetiriləcək. Ulu Öndər, Azərbaycanın elminə dəstək verərək, gələcəyin qurulmasında elmin rolunu vurğuladı. Elmi və intellektual potensialın yüksəldilməsi, gənclərin dünyadakı qabaqcıl təhsil ocaqlarına göndərilməsi, onlara elmi fəaliyyət üçün şərait yaradılması Heydər Əliyev siyasətinin mərkəzində idi. Elmin inkişafı, Ulu Öndərin ən böyük dəyərləndirdiyi və ən çox diqqət yetirdiyi sahələrdən biri idi. Hətta müstəqillik dövrünün ağır iqtisadi böhranına və digər sosial problemlərə baxmayaraq, Heydər Əliyev Azərbaycan Elmlər Akademiyasının fəaliyyətinə ciddi maliyyə dəstəyini əsirgəmədi. Akademiyanın maddi-texniki bazası gücləndirildi, binalar təmir edildi, yeni elmi institutlar yaradıldı. Elmin inkişafı üçün yaradılan fondlar, qəbul olunan proqramlar və strateji planlar, bütün bunlar Heydər Əliyevin “elmsiz ölkə inkişaf edə bilməz” prinsipinə sadiqliyini nümayiş etdirirdi.
Ulu Öndərin təhsilə və elmə verdiyi əhəmiyyət nəticəsində, keçən illər ərzində Azərbaycanın intellektual potensialı daha da gücləndi. Ulu Öndər Heydər Əliyevin iradəsi və qətiyyəti, yalnız siyasi deyil, həm də intellektual və mədəni sahədə Azərbaycanın yolunu göstərmişdir. O, hər zaman bir xalqın ən böyük sərvətinin bilik olduğunu vurğulamış və bu prinsipi hər sahədə tətbiq etmişdir. Bu gün müstəqil Azərbaycan, Heydər Əliyevin irsini yaşadır və elm, təhsil, mədəniyyət sahələrindəki uğurlarla gələcəyə doğru addımlayır. Bu gün də, Prezident İlham Əliyevin rəhbərliyi altında, həmin siyasət davam edir. On minlərlə Azərbaycan gənci dünyanın ən yaxşı universitetlərində təhsil alır və ölkəyə qayıdıb, vətənlərinə böyük töhfələr verirlər. Həmçinin, akademiya və digər elmi qurumlar, elmə ayrılan vəsaitlər də ildən-ilə artır və bu da Azərbaycanın inkişafına böyük təsir göstərir.
Ölkə başçısı Prezidenti İlham Əliyevin 3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışnda qeyd etdiyi kimi artıq hər kəs görür və bilir ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir. Bu gün Azərbaycanda elm sahəsindəki inkişaf, yalnız dövlətin siyasətinin deyil, həm də alimlərin və gənclərin fəaliyyətinin nəticəsidir. Elm, ölkənin gələcək inkişafının təməlini qoyur. Bununla yanaşı, rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və digər yüksək texnologiyaların inkişafı Azərbaycan üçün əsas prioritetlərdəndir.
Azərbaycan elmi bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artıb. Bu fakt dövlətin elmə, bilik və texnoloji tərəqqiyə verdiyi strateji əhəmiyyətin göstəricisidir. Son onillikdə ölkədə elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazası gücləndirilib, müasir laboratoriyalar yaradılıb, gənc alimlərin inkişafı və beynəlxalq elmi mərkəzlərlə əməkdaşlığı üçün yeni imkanlar açılıb. Akademiyanın və bütövlükdə elmi ictimaiyyətin qarşısında duran əsas məqsəd isə bu potensialı ölkənin iqtisadi, texnoloji və müdafiə gücünə çevirməkdir. Prezidentin çıxışında vurğulandığı kimi, dünya son on ildə böyük dəyişikliklərə məruz qalıb – iqtisadi modellər yenilənib, qlobal təhlükəsizlik arxitekturası sarsılıb, beynəlxalq hüquq normalarının pozulması adi hala çevrilib. Bu mürəkkəb reallıqlar fonunda Azərbaycan yalnız sabitliyini və müstəqilliyini qorumaqla kifayətlənməyib, həm də regionda sülhün və təhlükəsizliyin təminatçısına çevrilib. 44 günlük Vətən müharibəsində qazanılan Qələbə və ondan sonrakı illərdə dövlət suverenliyinin tam bərpası Azərbaycanın müasir tarixində dönüş nöqtəsidir. Prezident İlham Əliyevin sözləri ilə desək, “bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb”. Müasir dövrün tələbləri artıq elmin yalnız nəzəri çərçivədə deyil, praktiki və tətbiqi sahələrdə də mühüm rol oynamasını şərtləndirir. Dövlət başçısının vurğuladığı kimi, elm iqtisadiyyatla, sənaye ilə, texnologiya ilə sıx bağlı olmalıdır. Azərbaycanda bu istiqamətdə mühüm addımlar atılır — özəl şirkətlər artıq hərbi təyinatlı məhsulların istehsalına başlayıb, pilotsuz uçuş aparatlarının yerli istehsalı təşkil olunub. Bu, elmin innovativ potensialının iqtisadi gücə çevrilməsinin bariz nümunəsidir. Eyni zamanda, kibertəhlükəsizlik sahəsində dünyanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq çərçivəsində geniş proqramlar icra olunur.
Qarabağ və Şərqi Zəngəzurda aparılan böyük geoloji tədqiqatlar da elmin iqtisadi inkişafdakı rolunun real təzahürüdür. Bu regionlar sovet dövründə tam tədqiq edilmədiyindən, müasir texnologiyaların tətbiqi ilə aparılan yeni araşdırmalar strateji əhəmiyyət daşıyır. Peykdən zondlama və innovativ geofiziki üsullar vasitəsilə aparılan bu tədqiqatlar yaxın aylarda yeni təbii ehtiyat yataqlarının aşkarlanmasına imkan verəcək. Prezident İlham Əliyev bu sahəyə Azərbaycan alimlərini cəlb etməyə çağıraraq, Qarabağ və Şərqi Zəngəzurda elmi-istehsal sinerjisinin yaradılmasının gələcəkdə minlərlə yeni iş yerinin açılmasına gətirib çıxaracağını bildirib.
Bu gün Azərbaycan xalqı böyük iftixar hissi ilə öz Zəfər tarixinin beşinci ildönümünə qədəm qoyur. Şanlı Qələbəmiz bizim milli qürurumuzun, dövlətimizin qüdrətinin və xalqımızın birliyinin rəmzinə çevrilib. Beş il öncə, 2020-ci ilin dekabrında Bakıda keçirilən Zəfər paradı ölkəmizin hərb tarixində yeni bir səhifə açdı, 2023-cü ildə Xankəndidə baş tutan parad isə suverenliyimizin tam bərpasının təsdiqi oldu. İndi isə Azadlıq meydanında keçiriləcək hərbi parad xalqımızın qürur və müstəqillik duyğularını bir daha zirvəyə qaldıracaq. Bu, sadəcə bir bayram deyil, həm də Azərbaycanın gücünü, dövlətçiliyimizin əzəmətini, xalqımızın iradəsini nümayiş etdirən tarixi hadisədir. Azərbaycan bu Şanlı Zəfəri ilə hər zaman fəxr edəcək, gələcək nəsillər bu parlaq səhifəni daim qürurla xatırlayacaqlar.
Hüseynova Samirə Adəm qızı
4 Noyabr 2025, 11:15 - 1223
Paylaş: