"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Zəminə Rəsulova yazır: Məhəmmədhüseyn xan Müştaq və Salman Mümtaz


Məhəmmədhüseyn xan Müştaq və Salman Mümtaz
Salman Mümtaz və Məhəmmədhüseyn xan Müştaq fərqli dönəmlərdə yaşamış iki şəkili. Biri iyirmi iki il xanlıq taxtında oturub şeirlər yazan dövlət xadimi, digəri bütün varını, yoxunu Azərbaycanın ədəbiyyat nümunələrinin toplanmasına sərf edən sənət fədaisi. Nədir onları birləşdirən?
Azərbaycan ədəbiyyatı tarixində əvəzsiz xidmətləri ilə xüsusi iz qoymuş Salman Məşədi Məhəmmədəmin oğlu Əsgərzadə 1884-cü ildə Məhəmmədhüseyn xanın sarayından azacıq aralıda, Şəkinin Gəncəli məhəlləsində doğulmuşdur. Onun doğulduğu məhəllədən baxdıqda qala divarlarının əzəmətli bürcləri görünər, küçələri Yuxarı Karvansara ilə kəsişərdi. Salman Mümtaz kiçik yaşlarından dogma şəhəri tərk etməli olsa da Şəki ilə bağlılığı heç zaman qopmamışdır. 
Gənc yaşlarında ticarətlə məşğul olmasına baxmayaraq yavaş-yavaş əlyazmalar toplamağa başlayan Salman Mümtaz 23 il ərzində 20 adda kitab buraxdırmışdır. Salman Mümtazın şəxsi vəsaiti və fədakarlığı sayəsində Azərbaycanın bir çox yazıçı və şairlərinin itib batmaqda olan ədəbi irsi xilas olmuşdur. Salman Mümtazın Azərbaycan ədəbiyyatına həsr olunmuş silsilə kitablarında Ağa Məsih Şirvani, Molla Pənah Vaqif, Nişat Şirvani, Qövsi, Kərbəlayi Allahi Arif, Nitqi Şirvani, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh, Seyid İmadəddin Nəsimi, və başqaları kimi şairlərin yaradıcılığı işıq üzü görüb. Həmin silsilənin 1925-ci il nəşri isə XVIII əsrin tanınmış şairləri Molla Pənah Vaqif və Molla Vəli Vidadinin qələm dostu, şair və xan Məhəmmədhüseyn Xan Müştaqa həsr olunmuşdur. 
Çoxlarıının yalnız xan kimi tanıdığı Məhəmmədhüseyn xan “Müştaq” təxəllüsü ilə farsca və Azərbaycan dilində şeirlər yazmış və ilk dəfə Salman Mümtaz tərəfindən onun əsərləri bir kitabda toplu halında çap edilmişdir. S.Mümtaz kitaba şair xanın şeirlərini daxil etməklə kifayətlənməmiş, onun nəsil şəcərəsi və həyatı haqqında da məlumat vermişdir. Şəkili şair Müştaq xan haqqında Salman Mümtaz belə yazmışdır: “Məhəmməd Hüseyn xan Müştaq Azərbaycan xalqının abruyi olan Şəkili Hacı Çələbi xanın nəvəsi və Həsən Ağanın oğludur. Hacı Çələbi xan Şəkili Əlican oğullarından kəndxuda Qurbanın oğlu və Hacı Şıxəlinin əmisi oğludur. Çələbi adlı-sanlı, məşhur bir ailədən ərseyi-vücudə gəlmiş eldar, xalqçı və el arasında sözü ötkün, təmkinli, vüqarlı bir şəxs idi.
Məhəmməd Hüseyn xan Müştaq Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Şəkili Nəbi, Şəkili Raci, Ağcayazılı Zari, Kəlbirli Rafe və başqaları ilə dost idi.
Müştaq Molla Pənah Vaqifin valehi-məftuni və şeirlərinin aşiqi-aşüftəsi idi. Bunu hiss edən Vaqif artıq rəsmiyyəti buraxaraq hər bir dərdini, istəyini apaçıq Müştaqa söylərdi.
Şəki vilayətini Müştaq gözəl idarə etdiyindən dolayı İran hökuməti Şirvan məmləkətinin idarə olunmasını da ona məhəvvəl etmişdi. Odur ki, İran müvərrixləri Müştaqın ləğəbini “Məhəmməd Hüseyn xan bəylərbəyi Şəki və Şirvan” ibarəsi ilə qeyd edirlər. Müştaq Şəki, həm də Şirvan əmirülümərası idi. Odur ki, Vaqif, Nəbi, Vidadi yeri gələrkən bunu da aydınlaşdırmışlar.
İyirmi iki il hökumət edə bilən Şəki və Şirvan məmləkətlərini gözəl idarə etdiyindən dolayı bir rəqib və düşmənlər qazanmışdı. Ən böyük düşməni Hacı Əbdülqadir xan idi... Hacı Əbdülqadir xan tarixi-hicri ilə 1194-cü ildə gecə Ərəş və Şəki bəyləri ilə gəlib öz dəstəsini qalanın dalında, dağ arasında gizlətmiş və günorta çağı diva əmələcatı dağılarkən Məhəmməd Hüseyn xan Müştaqın otağına daxil olaraq onu öldürmüş və ev-eşiyini də mənimsəyərək özünü xan elan etmişdi. Bu ürəkyandırıcı hadisə bütün əhaliyə və baxüsus Müştaqı yaxından tanıyanlara fövqəladə təsir etmişdi. Ömründə kimsəni tərif, tövsif etməyən Molla Vəli Vidadi bu faciəyə dair bir tarixi şeir söyləyərək adını “Müsibətnamə” qoymuşdur ki, məncə, çox münasibdir. Vidadinin o şerindən bir çox mətləblər istixrac etmək də mümkündür. “Müsibətnamə” nəzərimdə Müştaqın qiymətini daha da artırır. Çünki Vidadi tərəfindən də təqdir edilən Müştaqa artıq deyəcək söz qalmayır.
Vidadinin bu “Müsibətnamə”sində tariximizi təsvir edəcək bir çox nöqtələr vardır ki, bəhsimiz xaricində olduğu üçün onlara şəhr və bəsət vermədik. Müştaq Hacı Əbdülqadir xan əli ilə tarixi hicri 1194-də qətl olunaraq “Küli-varın etdilər təracü yəğma, tarümar” məzmunca ev-eşiyi də tərac edilmiş və o cümlədən məcmüeyit əşarı da arada məhv olub getmişdir. Müştaqın qəbri isə Şəkidə özü tikdirdiyi Birinci Cümə məscidinin mehrabı içərisindədir” (Bakı, 5 iyun 1925-ci il).
Bəli, məhz 1925-ci ildə yazılmış bu cümlələr Məhəmmədhüseyn Xanın ölümündən təqribən 240 il sonra onun qəbrinin tapılmasına vəsilə olmuşdur. 2021-ci ildə Xan məscidində aparılan bərpa restavrasiya işləri çərçivəsində  Məhəmmədhüseyn xanın qəbrinin yerini dəqiqləşdirmək üçün Salman Mümtazın qeydlərinə uyğun olaraq arxeoloji qazıntılara başlanılmış, Şəkidə “Birinci Cümə məscidi” adı ilə tanınan Xan məscidinin 1-ci mehrabının qarşısında, 1-2 metr qərb tərəfdə qəbir aşkar olunmuşdur.
Heydər Əliyev Fondunun dəstəyi ilə aşkar olunan skeletdən nümunələr götürülmüş, radiokarbon və genetik analizlər aparmaq üçün Böyük Britaniyanın Oksford Universitetinin laboratoriyasına göndərilmişdi. Aşkar olunan skelet nümunələri və məscid ərazisindəki xan nəslinə aid digər qəbirlərdən götürülən nümunələr əsasında Böyük Britaniya ilə yanaşı, Avstriya, Estoniya və Türkiyədə də tədqiqatlar və genetik analizlər aparılmış, laborator analizlərin nəticəsinə, eləcə də AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi rəyinə əsasən, aşkar edilən qəbrin Şəki xanı Məhəmmədhüseyn xana aid olduğu təsdiqlənmişdir.
22 iyul 2023-cü il tarixində ikinci dəfə dəfn olunan Məhəmmədhüseyn xanın məzarı hazırda Şəki Xan Məscidinin arxa hissəsində yerləşən Xan qəbristanlığında yerləşir. Bəli, böyük ədəbiyyatşünas Salman Mümtaz Hüseyn Xan Müştaqın əlyazmalarını toplayaraq dərc etdirməklə yalnızca ədəbiyyatımıza deyil, eyni zamanda tariximizə də işıq tutmuş. Məhz onun kiçik bir qeydi tariximizdə önəmli yerə malik bir dövlət xadiminin qəbrinin aşkarlanmasına vəsilə olmuşdur. 
Salman Mümtazla Məhəmmədhüseyn xan Müştaqı zaman və peşə fərqləri ayırsa da, xalqa, ədəbiyyata və tarixi yaddaşa sədaqət və doğulduqları torpaq birləşdirmişdir. Müştaq hakimiyyətlə qələmi bir arada tutmağı bacaran, dövrünün maarifpərvər və ədəbi zövqü yüksək xanı idi. Salman Mümtaz isə onun siyasi və ədəbi irsini zamanın tozları arasından gün üzünə çıxmışdır. Milli yaddaşın keşiyində duran kolleksioner və tədqiqatçı S.Mümtaz təkcə itməkdə olan əlyazmaları nəşr etdirməklə kifayətlənməmiş, həm də bir dövlət adamının unudulmuş qəbrinin üzə çıxarılmasına istiqamət vermiş, nəticədə 240 ildən sonra xalq öz xatirəsini yenidən tapmışdır.
Bu paralel tale – biri hakimiyyət uğrunda sui-qəsdin, digəri repressiyanın qurbanı olan iki şəxsiyyətin faciə ilə bitən ömrü – Azərbaycan tarixində ağrılı, lakin qürurverici bir yaddaşa çevrilmişdir. Bu gün Məhəmmədhüseyn xan Müştaqın qəbri qarşısında baş əyərkən əslində Salman Mümtazın əməyi qarşısında da minnətdarlıqla dayanırıq. Onlar zamanın iki fərqli yerində, eyni amal üçün yaşayıblar – xalqın mənəvi varlığını qorumaq və gələcək nəsillərə ötürmək.
Zəminə Rəsulova, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi 

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar