Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Bakının Ramana kəndi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Bu kəndin qədimliyi məni kiçik yaşlarımdan özünə cəlb edirdi. Kəndi gəzib qayaüstü təsvirlərə toxunarkən, həmişə qədim zamanlarda burada yaşamış insanların nəfəsini duymuş, varlıqlarını hiss etmişəm. Bəlkə də bu, qan bağlılığından irəli gəlir. Axı onlar bizim əcdadlarımızdır. Kəndimlə bağlı daim beynimi məşğul edən suallardan biri də Ramana adı ilə bağlı olub. Bu haqda çox tez-tez düşünürəm. Mənə hər zaman maraqlı idi ki, görəsən niyə bu kəndə məhz Ramana ismi verilib? Kimdən soruşurdumsa, hər kəs mənə “Ramana” sözünün mənasının dörd versiyasını deyirdi. Əksər kitablarda da bu cür yazılırdı. Amma mən elə düşünürdüm ki, “Ramana” sözü daha qədimdir. Bu səbəbdən də, “Ramana” sözünün etimologiyasını araşdırmağa başladım.
“Ramana” sözünə yalnız Azərbaycanda deyil, dünyanın bir çox yerlərində də rast gəlmək olar. Bəzi ölkələrdə isə “Ramana” kişi, şəxs adı kimi işlənir.
Toponimlər və şəxs adları:
1. Ramana – Hindistan, Pakistan və Nepalın müxtəlif ərazilərində yer adı;
2. Ramana və ya Raman – Hindistan və Pakistanda şəxs adı;
3. Ruman – İsrailin şimalında ərəb kəndi;
4. Rama – Hinduizmdə ilah, Vişnunun yeddinci avatarı, Vişnunun 394-cü adı;
5. Rama – Sanskrit dilində “qara”, “tünd”;
6. Ramayana – Qədim hind eposu, sanskrit dilində “Ramanın yolu” mənasını ifadə edir;
7. Ramna Kali Mandir – Banqladeşin paytaxtı Dəkkədə hinduist məbədi və istirahət parkı;
8. Roman – Bulqar türklərinin xanı (977–997);
9. Roman – Bolqarıstanın Vraça rayonunda şəhər;
10. Romanı – Rusiya, Ukrayna, Belarusda kənd adı;
11. Romani – Polşada kənd adı;
12. Romana - İtaliyanın Sardinya bölgəsində kənd;
“Ramana” sözü müxtəlif cür səslənsə də eyni kökdən qaynaqlanır (Tanrı).
Azərbaycanda isə “Ramana” sözünün toponimi ilə bağlı bir neçə fikir mövcuddur:
I
Ramana - Rəhmani - رحمٰني Rəhman - رحمٰن Tanrının adlarından biridir. Rəhmani isə “Tanrıya aid olan, məxsus olan” mənasındadır. Sondakı “i” şəkilçisi nisbət bildirir. “Rəhmani” ərəb mənşəli sözdür, bu söz VII əsrdən öncə Azərbaycanda işlənməmişdir. VII əsrdən sonra isə “Nəşri-maarif” cəmiyyətinin dövlət arxivində saxlanılan materiallarında göstərilir ki, Bakı qəzasında Rəhmani adlı bir kənd vardır.
Əgər kəndin adı əvvəllər Rəhmani, daha sonra isə dəyişdirilərək Ramana adlandırılmış olsaydı, kənd əhalisi müsəlman olduğuna görə Tanrının (Rəhman) adını dəyişdirib Ramana olmasına qəti etiraz edərdi. Bakının Məhəmmədi kəndi islam peyğəmbəri Məhəmməd s.ə.v adını daşıyır. Əgər islami adlar dəyişdirilsəydi, ilk öncə bu adı dəyişərdilər. Ehtimal olunur ki, kəndin adını islamlaşdırmaq (bu da Azərbaycanda görülmüş bir tarixdir) üçün “Ramana” sözünü dəyişib “Rəhmani” ediblər. Həmin zamanlarda “Rəhmani” sözü yazılı mənbələrdə əks olunsa da, sonradan öz tarixi adına qayıtmışdır.
El içində isə Rəhmani - rəhimli insanların kəndi və yaxud rəhmani sülaləsinin yaşadığı yer kimi izah olunur.
II
Ramana – Rahmane deyilir, fars dilində راه - Rah “yol” مانع - mane “maneə” yəni “maneəli yol, yolda qalmaq” mənasındadır. Ramana kəndinin coğrafiyasına baxdıqda görürük ki, Ramana kəndi Abşeron yarımadasının mərkəzində uzunsov, hündür qayalar üzərində yerləşir. İnsanlar bu qayalıqda məskən saldığı üçün min illərdir bu qayalığa torpaq daşınır. Hal-hazırda Ramana kəndini uzaqdan seyr etdikdə hündür təpəlik üzərində yerləşdiyini, şimal istiqamətindən baxdıqda isə qayalıq ərazi açıq-aydın görünür. Vaxtilə kəndin mərkəzinin 90%-i qayalıq olub. Sakinlər yuxarı, yəni mərkəzə doğru köç etdikcə tikililər qayalığın üzərini bağlayıb. Buna sübut olaraq, Ramana qalasının yerləşdiyi qayalığı göstərmək olar. Qalanın 1940-cı illərdə çəkilmiş fotosuna baxanda görürük ki, qalanın alt hissələri sıldırım qayalıqdır. Bu gün isə həmin qayalığın üzəri torpaqla örtülüb.
Eramızın əvvəllərində bu yerlər qayalıq olduğu üçün buradan keçən karvanlara mane olurdu. Məsələn, Bakının qərbindən şərqinə doğru yük arabası və yaxud yüklə dolu dəvə karvanı ilə getmək istəyənlər yaxın yol olaraq Ramana kəndinin içərisindən keçməli idilər. Ramana kəndi hündür qayalıq olduğu üçün, yüklə dolu karvanlar o qayalıqdan keçməyə çətinlik çəkirdilər. Bu səbəbdən də, karvanlar yollarını bir qədər uzadaraq kəndin şimalından keçib gedərmişlər. Məhz buna görə də, kənd maneəli yol, yəni Rahmane adlandrılıb. Bu söz, yuxarıda qeyd etdiyim kimi fars mənşəli sözdür və III-VII əsrlərə aid edilir.
Ramana – Rahnuma deyilir, farsca راه - Rah “yol”, نما - numa “göstərən, yol göstərən, bələdçi” mənasını bildirir. Ramana kəndi Abşeron yarımadasının mərkəzində hündür ərazi olduğu üçün ehtimal olunur ki, Bakının müxtəlif yerlərindən hər hansı bir yerə getmək istəyənlər bu mərkəzdə yerləşən hündür yeri istiqamət tutaraq gedərmişlər. Ona görə də, bu hündür yer Rahnuma - yol göstərən adlandırılıb.
Bildiyimiz kimi, Ramana kəndi hündür qayalıq ərazidə yerləşdiyi üçün karvanların yolunu buradan salması heç də məqsədəuyğun deyildi. Bakı amfiteatra bənzədiyinə görə, karvanların yol istiqamətini düzgün tutması üçün bu hündür qayalığa ehtiyac qalmırdı.
Ramana - Rəmanı رم - Rəm (ram) – hürkmə, qorxub qaçma.¬ رمه - Rəmə (rama) – sürü, ümumi məna heyvandarlığa bağlı yer.
Rahnuma və Rəmanı fars mənşəli sözlərdir, III – VII əsrlərə aid edilir.
Bəzi tədqiqatçılara görə, oykonim qədim fars dilində rama (xalq qoşunu, qeyri – nizami qoşun) sözündən və -na sözdüzəldici şəkilçisindən ibarət olub, “qoşun yeri, qoşun qalan yer” mənasındadır. Oykonimin toponimik termin olan rəmə (kələ - kötür yer, çala – çuxur) sözündən olması da mümkündür. (davamı olacaq)
Qulamhüseyn Qurbanov, araşdırmaçı
Paylaş: